Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərə şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu əlavə edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərdiyi çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi xidməti isə müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi xidməti ilə əvəzlənib.