Ötən il Azərbaycanda bərbərxana xidmətlərinə 80 milyon manata yaxın pul xərclənib. Ümumilikdə 2018-ci ildə əhaliyə göstərilən məişət xidmətlərinin cəmi məbləği 991 319,0 min manat təşkil edib.
FED.az xəbər verir ki, ötən il vətəndaşların ən çox pul xərclədiyi sahələrdən biri də bərbərxana xidməti olub. Belə ki, bu sahəyə ötən il 79 776,1 min manat xərclənib ki, bu da 2017-ci illə müqayisədə 4 058,20 min manat və ya 5,35% çoxdur.
Eləcə də bax:Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
Əhaliyə göstərilən məişət xidmətlərinin növlər üzrə ən bahalısı vətəndaşlara mənsub olan nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət sahələrində olub. Vətəndaşlar bu sahəyə 428 336,6 min manat xərcləyiblər. Qeyd olunan göstərici 2017-ci illə müqayisədə 16 888,20 min manat və ya 4,10% çoxdur.
Əhalinin məişət xidmətlərinə görə, ən çox pul xərclədiyi daha bir sahə isə məişət maşın və cihazlarının təmiri, onlara texniki xidmət, metal məmulatlarının təmiri olub. Belə ki, ötən il bu sahəyə əhali 79 186,4 min manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 3 418,50 min manat və ya 4,51% çoxdur.
Ötən il əhali mənzil təmiri, fotoqrafiya və foto-kino laboratoriya xidməti sahələrinə 38 842,3 min manat xərcləyib. Bu göstərici 2017-ci illə müqayisədə 480,30 min manat və ya 1,22% azdır.
2018-ci ildə əhalinin məişət xidmətlərinə görə, ən az pul xərclədiyi sahələr mebel təmiri - 2 201,2 min manat, kirayə vermə məntəqələrinin xidməti - 3 271,4 min manat, ayaqqabı təmiri, rənglənməsi və tikişi - 6 443,6 min manat olub.