Sumqayıtda səfərdə olan prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-Import” MMC-də olub.
İlham Əliyev Sumqayıtda 5 müəssisənin təməlini qoydu, açılışını etdi - 100-LƏRLƏ YENİ İŞ YERİ
FED.az xəbər verir ki, Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək.
20 milyon pul yatırılıb, ildə 90 milyon şüşə qab buraxacaq - PREZİDENT AÇILIŞDA
İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
“Az-Tex-Import” MMC-nin təsisçisi Samir İbadullayev layihə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, hazırda ölkəmizdəki sənaye zonalarında avtomobil istehsalı sahəsində bir sıra müəssisələr mövcuddur. Belə ki, Hacıqabul Sənaye Məhəlləsində illik istehsal gücü 1500 ədəd “QAZ” və “İSUZU” markalı yük maşını və avtobus, 5000 ədəd “Chevrolet” markalı minik avtomobili olan müəssisə, Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 10 min ədəd “Khazar” və “Peugeot” markalı minik avtomobillərinin istehsalı zavodu fəaliyyət göstərir. Növbəti mərhələdə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İVECO Daily” yük avtomobillərin istehsalı layihəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və maşınlarının istehsalı üzrə İran-Azərbaycan birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bildirildi ki, sənaye zonalarında avtomobillər üçün texniki xidmət mərkəzlərinin yaradılması üzrə işlər də aparılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında müxtəlif markalı nəqliyyat vasitələri və texnikalara texniki xidmət, həmçinin ehtiyat hissələrinin bərpası və istehsalı layihələrinin reallaşdırılması nəzərdə tutulur. Həmçinin sənaye zonalarında nəqliyyat vasitələrinin bir çox ehtiyat hissələrinin hazırlanması da həyata keçirilir ki, bu, yerli istehsalın genişlənməsinə əlavə imkanlar yaradır.
Prezident İlham Əliyev yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisəsinin təməlini qoydu.