Sumqayıtda səfərdə olan prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış oldu.
FED.az xəbər verir ki, tədbirdə bildirilib ki, 2021-ci il yanvarın 18-də dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib.
Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır.
Qeyd edildi ki, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.
Prezident İlham Əliyev: İşçilərin sayı nə qədərdir?
MMC-nin rəhbəri: 34 nəfər, hamısı Sumqayıt sakinləridir. Onlardan dörd nəfər Vətən müharibəsi iştirakçısıdır, bir nəfər qazimiz var. Hamısı işlə təmin olunub.
Prezident İlham Əliyev: Çox yaxşı.
Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı.