Sumqayıtda səfərdə olan prezident İlham Əliyev əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) şüşə tara məhsullarının istehsalı müəssisəsi ilə tanış olub.
İlham Əliyev Sumqayıtda 5 müəssisənin təməlini qoydu, açılışını etdi - 100-LƏRLƏ YENİ İŞ YERİ
FED.az xəbər verir ki, müəssisənin təsisçisi İbrahim Həsənov prezidentə müəssisə barədə məlumat verdi.
Bildirildi ki, təməli 2021-ci il yanvarın 18-də dövlətimizin başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq.
Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.
Dövlətimizin başçısı müəssisəni işə saldı.