İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Glassica” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ildə istehsal ediləcək məhsulun böyük hissəsini daxili tələbatın ödənilməsinə yönəldəcək.
Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni bu - ŞİRKƏT ÖDƏYİR
FED.az xəbər verir ki, bunu müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı ilə məşğul olan “Glassica” QSC-nin icraçı direktoru Emil Əsgərov bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə müəssisə 7 milyon manat dəyərində məhsul istehsal edib, 500 min manat dəyərində məhsul isə ixrac olunub. İxrac ölkələri Gürcüstan, Moldova və Rumıniya olub. Ötən il ərzində daha çox məhsul ixracı Gürcüstana həyata keçirilib: “Bu il əsas planımız yerli bazar üçün məhsul istehsal etməkdir. Ancaq kiçik bir həcmdə - 200 min manatlıq məhsul Gürcüstana ixrac ediləcək”
E.Əsgərov qeyd edib ki, əsasən, sifariş əsasında fəaliyyət göstərirlər. Artıq 2024-cü il üçün kifayət qədər sifariş müqavilələri imzalayıblar: “Azərbaycanın 4-5 ən böyük şirkətinin sifarişləri bizim illlik istehsal gücümüzə uyğundur. Artıq 2024-cü il üçün razılaşmalar əldə edilərək müqavilələr bağlanılıb. 2024-cü ildə dəyəri 13 milyon manata yaxın məhsul istehsal etmək nəzərdə tutulur”.
QSC-nin icraçı direktoru əlavə edib ki, 2023-cü ildə tam istehsal gücü ilə işləyə bilməyiblər. Bu il əsas hədəfləri istehsal güclərinin 90 faizi həcmində məhsul istehsal etməkdir: “Butulkanın ölçüsündən asılı olaraq, illik istehsal gücümüz 50 milyon butulkaya yaxındır. Hazırda istehsal gücümüzün 75-80 faizi qədər məhsul istehsal edirik. Amma niyyətimiz odur ki, bu rəqəmi 90-95 faizə qaldıraq”.
Xatırladaq ki, şüşə tara məhsullarının istehsalı müəssisəsi olan Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib. Bu həm də ölkəmizdən Avropaya ilk butulka ixracı olub. (Azərbaycan iqtisadiyyatı)