Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin istehsalı və ixracına görə dünya ölkələrinin ilk onluğu məlum olub.
Eləcə də bax: İndiyədək Azərbaycana 14 milyondan çox vaksin - GƏTİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə dərc etdiyi məlumata görə, siyahıya Çin liderlik edir. Belə ki, bu ölkə 4,5 mlrd. doza vaksin istehsal edib. Bu, dünya istehsalının 45%-ni təşkil edir. İkinci yerdə 2,25 mlrd. doza ilə Avropa İttifaqı (Aİ) qərarlaşıb. Aİ-də istehsal edilən vaksinlərin ümumi istehsalatda payı 22,4% təşkil edib. Hindistan 1,6 mlrd. doza ilə üçüncü (15,6%), ABŞ 847,5 mln. doza ilə dördüncü (8,4%), Rusiya isə 232,9 mln. doza ilə (2,3%) beşinci olub.
İlk onluqda həmçinin, Cənubi Koreya (1,6%), Braziliya (1,2%), Meksika (1%), Tailand (0,7%) və CAR (0,6%) yer alıb. Digər ölkələrin payına ümumi vaksin istehsalının 1,3%-i düşüb (126. mln. doza).
COVID-19 əleyhinə vaksinlərin ixracı üzrə ilk beşliyə Çin (1,5 mlrd. doza – 40,6%), Aİ (1,4 mlrd. – 37,3%), ABŞ (348 mln. – 9,5%), Cənubi Koreya (133,6 mln. – 3,6%) və Rusiya (93,4 mln. – 2,6%) daxil olub.
Liderlər sırasında həmçinin, Hindistan (2%), CAR (1,3%) və Yaponiya (0,9%) yer alıb. Digər ölkələrin payına ümumi ixracın 2,1%-i düşüb (77,5 mln. doza).