Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik bitki mənşəli viruslar yayılır. Virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir: “Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş toxumlar da daxil olur”.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə etməməyə çağırıb: “Toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini məsələyə daha məsuliyyətlə yanaşmağa çağırır”.