Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səfər Nağıyev Ələsgər oğlu tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Sovzixanov Nurdin Sovzixanoviçə məxsus müəssisədən idxal edilən 67 ton və hüquqi şəxs "Əkinçi -10 2021" MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Mahmudov Rafael Niyazi oğluna məxsus müəssisədən idxal edilən 20.2 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Eləcə də bax: Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici - AŞKARLANDI
FED.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə, “Clavibacter michiganensis subsp.michiganensis (Smith, Davis et al)” - bakterial xərçəng) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.