“Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil. Sadəcə olaraq, bizdə bir neçə ildir ki, dərmanların qiymətlərinin formalaşdırılması tənzimlənən qiymətlər şəklində həyata keçirilir”.
Eləcə də bax: Rüsumların artması ilə büdcəyə əlavə - 100 Milyon Manat Yığılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, qiymətqoymada müəyyən aparıcı şirkətlərlə qeyri-müəyyənliklər yaşanır: “Burada problem daha çox qiymətin formalaşması ilə bağlıdır. Dərmanların qeydiyyatı ilə bağlı rüsum dərəcəsi o prosesdə çox cüzi məbləğdir. Mən inanmıram ki, bu, həmin prosesə təsir göstərsin. Bütövlükdə məhsulun çeşidinin kifayət qədər olmaması problemdir. Hesab edirəm ki, aidiyyəti qurumlar - İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu problemin həlli üçün işlər görürlər”.