“Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin fevral ayı üçün müddətli əlavələri bu gün ödənilib”.
Eləcə də bax: Agentlik: Poliklinikalarda çalışan həkimlər - Bonus Alacaq
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, artıq bu gündən etibarən fevral ayı üçün ödənişlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülüb. Agentlik 101 tibb müəssisəsinə müddətli əlavələri ödəyib. 2 müəssisə qalıb ki, onun da hesabına gün ərzində həmin ödənişlər köçürüləcək.
Xatırladaq ki, “Yeni Klinika” tibb müəssisəsində çalışan tibb işçiləri iki aydır ki, müddətli əlavələri ala bilmədiklərindən şikayət edirdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilmişdi ki, koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra fevral və mart aylarının ödənişləri həyata keçiriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. Həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.