Bəzi karqo şirkətləri fiziki şəxslərin şəxsi istifadə üçün Türkiyədən və digər ölkələrdən sifariş etdiyi dərman vasitələrini Azərbaycana çatdırmaqdan imtina edirlər. Səbəb isə Dövlət Gömrük Komitəsi tərəfindən bunun onlara qadağan edildiyi göstərilir.
FED.az xəbər verir ki, məlumata görə yalnız qida əlavəsini gətirə bilərlər.
Sifarişin ölkəyə çatdırılmaması ehtiyacı olan insanlara bir çox hallarda çətin anlar yaşadır. Məsələni araşdırmaq üçün Dövlət Gömrük Komitəsinə getdik. Onlardan belə bir qadağanın olub-olmadığını soruşduq.
Komitənin əməkdaşı Pərviz Nəsrullayev bildirdi ki, bu məsələ Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarı ilə tənzimlənir.
Pərviz Nəsrullayev bir daha bəyan etdi ki, hazırda Dövlət Gömrük Komitəsi tərəfindən dərman vasitələrinin gətirilməsi ilə bağlı hər hansısa məhdudiyyət tətbiq olunmur. (Xezerxeber.az)