Şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı normaların müəyyən edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsində müzakirələr başlayıb.
Xaricdən şəxsi ehtiyaclar üçün dərman gətirilməsinə - LİMİT QOYULUR, QANUNA DƏYİSİKLİK
FED.az xəbər verir ki, dekabrın 16-da Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin nümayəndələri arasında işçi görüşü keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Səhiyyə nazirinin müavini Rasim İsmayılov və hər iki qurumun aidiyyəti strukturlarının nümayəndələri iştirak edib.
Görüş zamanı “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü maddəsinə uyğun olaraq fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrinin ölkə ərazisinə gətirilməsinin, onların sayının, o cümlədən sadələşdirilmiş qaydada buraxılışının müəyyənləşdirilməsinə dair işçi qaydada müzakirələr aparılıb.
Ökəyə qeydiyyatsız gətirilən dərman vasitələri ilə bağlı vətəndaşın hüquqlarını məhdudlaşdırmadan tənzimləyici nəzarət mexanizminin hazırlanmasının vacib olduğu diqqətə çatdırılıb.
Görüşdə bir çox ölkələrin mövcud təcrübələri müzakirə edilməklə yanaşı, vətəndaş məmnunluğuna xidmət edən ən effektiv qaydalar təhlil edilib, mümkün riskləri azaldaraq gələcəkdə müvafiq addımların atılması ilə bağlı təkliflər səsləndirilib.
Sonda Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən işçi qaydada yenidən müzakirələrin aparılması və normalarla bağlı təkliflərə bir daha detallı olaraq nəzər salınması qərara alınıb.