"Tibbi Sığorta haqqında" Qanuna əsasən, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
İcbari tibbi sığorta fondunun gələn il üçün gəlir və xərcləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, qanunda dəyişiklik olduğu halda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla, digər şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. (Trend)