Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-ə qədər artırılıb.
İcbari sığorta ilə xəstəxanaya gedənlər - ONLAYN NÖVBƏ GÖTÜRƏCƏKLƏR
Bu barədə FED.az-a Agentlikdən xəbər verilib.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Zaqatala, Kürdəmir, Mingəçevir, Sabirabad, İmişli, Salyan, Masallı, Lənkəran, Bərdə, Şəmkir və Tovuz da var.
Sözügedən tibb müəssisələrinin 82 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 18 %-i isə regionların payına düşür.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi?page=1) yerləşdirilib.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.