Bakıda bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Bu barədə FED.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 30H saylı sahədə yerləşən “Sel” MMC-yə məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisədə çaytikanı yağının emalı zamanı günəbaxan yağından istifadə edilsə də, bu barədə məhsula dair texniki şərtdə və məhsulların qablaşdırılmasında heç bir məlumat öz əksini tapmayıb.
Aparılmış araşdırma zamanı çaytikanı yağının emalı zamanı heç bir çaytikanı meyvəsindən və çəyirdəyindən istifadə edilmədiyi, çaytikanı yağının tərkibindəki karatinoidin miqdarını günəbaxan yağına “Betakaratin” (maye halda) əlavə etməklə tənzimləndiyi və məhsula xas texnoloji proseslərin heç birindən istifadə edilmədiyi aşkarlanıb.
Müəssisədə emal olunan kosmetik məqsədlər üçün nəzərdə tutulmuş, sözügedən məhsullara dair təsdiq edilmiş texnoloji təlimatda daxilə qəbulu qadağan edilmiş “Sel” əmtəə nişanlı bitki yağlarının (badam, kokos, balqabaq, ud hindi, küncüt) qablaşdırılmasında qanunvericiliyə zidd olaraq “xaricə və daxilə qəbul” məlumatı, eyni zamanda, müxtəlif xəstəliklərin müalicəsində istifadə və məhsula dair dozalaşma qeyd edilib. Həmçinin “Sel” əmtəə nişanlı qarazirə yağı və “Seide” əmtəə nişanlı çaytikanı yağı məhsullarının istehsal və son istifadə tarixlərində uyğunsuzluqlar müəyyən olunub. Texniki şərtdə məhsulların yararlılıq müddəti 12 ay qeyd olunsa da, müəssisə tərəfindən yağlarda əsassız olaraq 3 il yararlılıq müddəti qeyd edilib.
Bitki yağlarının emalında istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər, məhsulların qablaşdırılmasında istifadə olunan şüşə qabların uyğunluq sertifikatı yoxlamaya təqdim olunmayıb. Müəssisədə havalandırma sistemi quraşdırılmayıb, dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanması həyata keçirilən bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı reallaşdırılan bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda müəssisədə emal edilmiş yağlardan laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.