Azərbaycanda zərərli orqanizmlərdən azad təsərrüfat zonalarının yaradılması ilə bağlı hüquqi baza formalaşdırılır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsinin "Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyində keçirilmiş ictimai müzakirəsində bildirib.
Onun sözlərinə görə, belə zonaların yaradılması ilkin mərhələdə pilot layihə formatında nəzərdə tutulsa da, sahibkarların marağının yetərli olmaması bu təşəbbüsün reallaşmasına mane olub.
AQTA rəsmisi qeyd edib ki, bir sıra xarici ölkələrdə zərərli orqanizmlərdən azad zonalar mövcuddur və bu praktika ixrac prosesində ciddi üstünlüklər təmin edir: “Azərbaycanda bu tip zonalar mövcud deyil. Əgər sahibkarın təsərrüfat sahəsi müvafiq qaydada azad zona kimi tanınarsa, onun məhsulunun beynəlxalq bazarlara çıxarılması daha asan və sürətli olar. Bu zaman məhsulun istehsal olunduğu ərazi rəsmi sertifikatla təsdiqlənir, həmin məlumat idxalçı ölkələrin nəzarət qurumlarına ötürülür. Nəticə etibarilə, idxalçı ölkələr belə məhsullara münasibətdə daha az müayinə prosedurlarına ehtiyac duyur və bu da ticarəti sadələşdirir”. (Report)