Azərbayanda icbari tibbi sığorta haqqı ödəyən kateqoriya genişləndirilir.
FED.az xəbər verir ki, bununla bağlı yeniliklər «Tibbi sığorta haqqında» qanun layihəsinə dəyişiklikdə nəzərdə tutulub.
Qanuna təklif edilən və hazırda Milli Məclisdə baxılan yeniliyə əsasən Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobillə sərnişin və yük daşımaları ilə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ayda 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Bu məbləğ aylıq minimum əmək haqqının (hazırda 300 manat təşkil edir) 4%-i olmaqla nəzərdə tutulub. Minimum əmək haqqı artdıqca, bu məbləğin də artacaq.
Sözügedən şəxslər bu məbləği «Fərqlənmə nişanı» alarkən ödəyəcəklər.
Qeyd edək ki, qanun layihəsi sentyabrın 20-də Milli Məclisin müvafiq komitələrində baxılıb və plenar iclasa tövsiyə olunub.