Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirdiyi tənzimləmə və nəzarət tədbirləri davam etdirilir.
FED.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Tədbirlər çərçivəsində Agentlik tərəfindən 2023-cü il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib. Nəticədə ölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixracı üzrə icazənin 2024-cü il üzrə davam etdiriləcəyi bildirilib. Bununla da, Azərbaycanda Avropa İttifaqının tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını İttifaq ölkələrinə ixrac etmək üçün növbəti dəfə imkan yaranıb.
Xatırladaq ki, ilk dəfə 2022-ci il üzrə icra olunmuş monitorinq nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil olunduqdan sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilmiş üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021/405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilib.
Qeyd edək ki, Avropa İttifaqına daxil olan dövlətlərə heyvan mənşəli qida məhsullarının göndərilməsinə icazə verilməsi üçün üçüncü tərəf ölkələrin qida təhlükəsizliyi üzrə qanunvericiliyi, habelə bu sahədə aparılan nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır.