Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilir. Aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Eləcə də bax: Restoranlar bu qayda ilə işləyəcəklər - VİDEO
AQTA-dan FED.az-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.
Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Bundan başqa, qanunvericiliyə əsasən, ictimai iaşə obyektləri tərəfindən nəzarət üzrə məsul şəxs təyin edilməli və həmin şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim edilməlidir. Belə ki, əks halda həmin sahibkarlıq subyektləri haqqında qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görüləcək.