Xəbər verildiyi kimi, fevralın 1-dən etibarən Azərbaycanda restoran və kafelər fəaliyyətə başlayacaqlar. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) bununla bağlı video çarx hazırlayıb.
Eləcə də bax: Kafe-restoranlar - Açılır
FED.az xəbər verir ki, videoda sahibkarlar karantin rejiminin tələblərini diqqətdə saxlamağa dəvət olunurlar. Onlara tövsiyə olunur ki, ictimai iaşə müəssisələrində sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün Operativ Qərargahın qəbul etdiyi qərar və qaydalara əməl etsinlər.
Belə ki, hər bir kafe restoranda müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Videoçarxda bildirilir ki, restoranlarda mütəmadi təmizlik-dezinfeksiya işləri aparılmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır.
Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Videoçarxda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməsi xüsusi vurğulanır.