Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə Hindistandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş təşkil olunub.
AQTA restoran sahiblərinə - MÜRACİƏT ETDİ
Agentlikdən FED.az-a verilən məlumata görə, tədbir respublikamıza Hindistandan yüksək riskli məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə qida təhlükəsizliyi, o cümlədən, yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlər təsdiq olunmalıdır.
Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya təsdiqdən imtina edilir.
Eləcə də ölkəyə idxal olunan bütün qida məhsulları risk qiymətləndirilməsinin nəticələri əsasında laborator müayinələrə cəlb edilir.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.