Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib.
“Napoleon Hall” restoranının fəaliyyəti məhdudlaşdırıldı, sahibi cərimələndi - FOTO
AQTA-dan FED.az-a daxil olan müraciətdə deyilir:
“Bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan qanununa əsasən, qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri müvafiq qaydada qeydiyyata alınmalıdır. Belə obyektlərin qeydiyyata alınmadan və ya təsdiq edilmədən qida sahəsində fəaliyyət göstərməsi qadağandır. Həmçinin qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları ilkin və dövri tibbi müayinələrdən keçirilməlidir. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Lakin Agentlik tərəfindən aparılan nəzarət tədbirləri zamanı bir sıra daşıma və çatdırılma fəaliyyəti ilə məşğul olan qida subyektlərinin və ya onların müqavilə bağladığı daşıyıcı şəxslərin qida sahəsində qeydiyyata alınmadan qanunsuz fəaliyyət göstərdiyi, eləcə də daşımaları həyata keçirən işçilərin tibbi müayinədən keçmədiyi aşkar edilib. Eyni zamanda, həmin daşıyıcılar tərəfindən qida məhsullarının daşınması zamanı temperatur rejiminə əməl olunmadığı, soyuq zəncir və mal qonşuluğu prinsiplərinin pozulması halları müəyyən edilib.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan şəxslərin qida ilə təmasda olması insanlarda müxtəlif infeksion və dəri-zöhrəvi xəstəliklərin baş verməsinə, həmçinin qida məhsullarında temperatur rejiminin və mal qonşuluğunun gözlənilməməsi həmin məhsullarda patogen mikroorqanizmlərin sürətlə yayılmasına, kütləvi qida zəhərlənmələrinin və digər mədə-bağırsaq infeksiyalarının baş verməsinə səbəb ola bilər. Qeyd edilən pozuntular nəticəsində istehlakçılarda hər hansı qida zəhərlənmələrinə, həyat və sağlamlığa yarana biləcək təhlükələrə görə birbaşa məsuliyyəti isə iaşə obyektlərinin rəhbərləri daşıyacaq.
İnsanların həyat və sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması məqsədilə qida obyektlərində istehsal və ya emal edilən qidaların daşınması və istehlakçılara çatdırılması yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri (obyektləri) tərəfindən həyata keçirilməlidir. Qida sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə və istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərinə əməl olunmamasına görə isə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, eləcə də qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarına, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi AQTA-nın səlahiyyətlərinə aiddir”.