Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycandan Rusiyaya ixrac edilən amma geri qaytarılan moruq partiyası ilə bağlı açıqlama yayıb.
Rusiya Azərbaycandan gətirilmiş 36 ton təzə moruğu - ÖLKƏYƏ BURAXMAYIB
Agentlikdən FED.az-a verilən məlumata görə, Rusiya Federasiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı məlumat yayılıb.
AQTA bildirir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb. Məhsulla bağlı uyğunsuzluq, yəni problem - məhsulların etiket məlumatları ilə bağlı olub. «Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib».