“Vaxtaşırı müxtəlif xəbər portalları və sosial media vasitəsi ilə əhalidən ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsait toplanılır.
Azərbaycanda bütün tibbi xidmətlər bahalaşıb – SİYAHI, QİYMƏTLƏR
Belə ki, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar”.
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) verilən məlumatda bildirilib.
“Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır.
Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir.
Qeyd edək ki, dəfələrlə qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.
Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər”, - məlumatda vurğulanıb.
İcbari tibbi sığorta ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.