“Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan ölkəmizə idxal olunan dondurulmuş putassu balığından götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinəsi nəticəsində məhsulda “Anizakislər” (parazitlər) aşkar edilib, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur.
Eləcə də bax: «Daşkəsən balı»nı Xırdalanda hazırlayırmışlar – SAXTA MƏHSUL
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Bununla bağlı istifadəyə yararsız olan 7320 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Həmçinin Məmmədli Azər Tofiq oğlu tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiyalarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.