Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta hesabına bu il 4445 nəfər özəl klinikalarda əməliyyat olunub.
Eləcə də bax: İcbari tibbi sığortanın şamil edilmədiyi - ŞƏXSLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, bu ilin ilk 3 ayında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə 4 445 şəxs yönləndirilib. Onlardan 215 nəfəri uşaqlar olub.
Belə ki, 1 792 pasiyentə angioqrafiya xidmətləri göstərilib. Həmçinin 1 167 nəfər ürək-damar cərrahiyyəsi, 703 nəfər oftalmologiya, 231 nəfər urologiya, 193 nəfər nevrologiya/neyrocərrahiyyə, 95 nəfər digər sahələr, 60 nəfər travmatologiya, 47 nəfər ümumi cərrahiyə, 21 nəfər LOR, 6 nəfər ginekologiya və doğuş üzrə əməliyyat olunub. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı keçirən pasiyentlərin sayı isə müvafiq olaraq 31 nəfər və 99 nəfərdir