Fevralın 11-dən etibarən Zəngilan rayonu Məmmədbəyli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə müraciətlərin qəbuluna başlanacaq. Məmmədbəyli kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.
Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, Məmmədbəyli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Məmmədbəyli kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Məmmədbəyli kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:
- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);
- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Məmmədbəyli” seçməklə ərizə formasını doldurmaq;
- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Məmmədbəyli kənd sakini olduğunu (faktiki yaşayış yerinin Məmmədbəyli olduğunu) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.










