İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə icra edir.
Eləcə də bax: Nazir: "Zəngilandakı "Ağıllı kənd"də yaxın gələcəkdə ilk məskunlaşma baş tutacaq"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihəyə Ağalı kəndinin artıq 30 sakini cəlb olunub. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Növbəti mərhələdə isə Ağalı kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaq.