Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkət sayılan "The Best Choice" MMC Zəngilanda lavanda və dağ bitkilərinin yağının istehsalı üzrə müəssisə yaratmağı planlaşdırır.
Qəbələdə lavanda yağı istehsal edən şirkətə güzəştli kredit - AYRILIB - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov məlumat verib.
Onun sözlərinə görə, yaxın illərdə Zəngilan mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu, həmin ərazinin turizm əhəmiyyətini artıracaq: “Düşünürük ki, Zəngilanda 10-50 hektar ərazidə lavanda əkini sahəsi salaq və bu sahəyə investisiya yatıraq. İlkin olaraq, 10 hektar ərazidə lavanda əkini sahəsi salmağı planlaşdırırıq. Bununla bağlı layihəmizi artıq müvafiq qurumlara təqdim etmişik”.
E.Əhmədov bildirib ki, bu innovativ layihə Zəngilan şəhərinin hazırkı turizm potensialının daha da artmasına və ümumən regionda lavanda (tibbi və aromatik bitkilər) turizminin yaranmasına öz töhfəsini verəcək.
MMC direktoru qeyd edib ki, Azərbaycanın florasının çox zəngin olmasını nəzərə alaraq, gələcəkdə zavodda yalnız lavanda deyil, dağlarda yetişən digər bitkilərin də yağını istehsal etməyi düşünürlər: “Yağın əldə edilməsi üçün bitkinin toplandığı ərazi ilə istehsal müəssisəsi arasındakı məsafə böyük olmalı deyil, bu halda bitki öz faydasını itirir. Buna görə də istehsal müəssisəsinin elə Zəngilanda qurulması nəzərdə tutulur. Zavodun, ən azı, 2 ildən sonra yaradılması mümkün ola bilər. Çünki lavanda əkilən birinci ildə o qədər də məhsul vermir. İkinci ildə 30-40 faiz məhsul verməyə başlayır, 3-cü ildə isə tam məhsuldarlıq olur. Ona görə də zavodun ikinci ildə tikilməsi daha məqsədəuyğun olar”.
E.Əhmədov əlavə edib ki, hazırda şirkətin Qəbələdə bir zavodu fəaliyyət göstərir. Bu zavodun gün ərzində 300 kq-dan çox lavandadan yağ hazırlamaq gücü var. (Azərbaycan iqtisadiyyatı)