Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.
FED.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olundu.
Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoydu.