Martın 13-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Laçın rayonu Zabux kənd həkim məntəqəsinin açılışı olub.
FED.az xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl, “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimini giriş sözü ilə açan Nəhmət Rəhmanov bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət dəstəyini hər bir Azərbaycan vətəndaşı daima hiss edir: “Səhiyyə xidmətinin gündən-günə yaxşılaşması üçün çoxsaylı tədbirlər görülür. Bu tədbirdə iştirakdan xüsusi qürur duyuram. Zabuxdakı açılış heç bir açılışa bərabər deyil. Bu qüruru bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza və Ordumuza Allahdan cansağlığı diləyirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Ən müasir sitildə tikilmiş, bütün avadanlıqlarla təchiz olunmuş bu məntəqənin açılışı Zabux kəndində yaşayan sakinlərin sağlamlığının keşiyində duracaq. Sağlamlığın təməl prinsipi təmiz su və havadır. Zabuxun suyu, havası bu tibb məntəqəsinə ehtiyacı maksimum azaldacaq. Tibb işçiləri olaraq bizim borcumuz bu kənddə ilkin səhiyyə xidmətlərinin göstərilməsini təmin etməkdir. İlk növbədə ana və uşaqların sağlamlığı bizim üçün prioritetdir. Burada yardıma ehtiyacı olan hər bir halda ixtisaslı həkimlərin və mobil tibbi qurğulardan istifadə etməklə Zabux kəndində yaşayan əhali yüksək səviyyəli tibbi xidmətlə təmin ediləcək”.
Hüseyn Quliyev çıxışında açılışa toplaşanları xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib: “Arzulayıram ki, Zabux sakinlərinin yolu xəstəliklə bağlı bura çox az düşsün. Yeni açılan bu tibb məntəqəsi qoruyucu və maarifləndirici müəssisə kimi fəaliyyət göstərsin. 31 ildən sonra Laçında sərhəd ərazidə insanların belə bir tibb məntəqəsinin açılışına gəlməsi bir nailiyyətdir. Bu məntəqənin tikintisində əməyi olan hər kəsə təşəkkür edirəm. Bir xahişim olacaq ki, buranı qoruyaq, müəssisə öz füsunkarlığını və gözəlliyini itirməsin”.
Vüqar İmranov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dünya standartlarına uyğun, yüksək səviyyədə təşkil olunur: “Bu gün Azərbaycanın sərhəd kəndində tibb məntəqəsi, orta məktəb və digər iaşə obyektləri açılır. Bütün bunlar ondan xəbər verir ki, burada ən yüksək səviyyəli infrastruktur layihələri həyata keçirilir”.
Yekunda çıxış edən Orxan Cəbrayıl qeyd edib ki, bu gün səhiyyə işçiləri üçün xüsusi əhəmiyyət kəsb edir: “Zabux kənd həkim məntəqəsi modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzindən əlavə olaraq Zabux kəndinə inşa olunan ilk tibb ocağıdır. 2023-cü ilin may ayından Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstəririk. Bu gündən üçüncü tibb müəssisəsi fəaliyyətə başlayacaq. İlkin tibb məntəqəsində beş Zabux kənd sakini fəaliyyət göstərəcək”.
Məntəqənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yaradılan şəraitlə tanış olublar.