Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 23-də Laçın rayonu Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
661 nəfər Zabuxa köçürüləcək - FOTO
FED.az xəbər verir ki, bu gün Zabux kəndinə daha 25 ailə və ya 93 sakin qayıdıb. Kənddə böyük coşqu ilə qarşılanan keçmiş məxburi köçkünlər illərdir həsrətini çəkdikləri Zabuxun gözəl mənzərəsini seyr ediblər.
Bugünkü köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Zabuxa qədəm qoyan ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq yeni evlərində məskunlaşıblar. Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə lazımi şərait yaradılıb.
Bununla da Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.