"Biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Ermənistan isə həmişə buna qarşı olub. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib".
Eləcə də bax: "Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib"
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
“Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər”, - deyə dövlət başçısı əlavə edib.
Prezident deyib ki, yeddi rayon geri qaytarılmalıdır:
"Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır".