Yaponiya hökuməti Azərbaycanda minatəmizləmə prosesinə hər zaman dəstək göstərmək istəyib.
FED.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Yaponiyanın Azərbaycandakı Səfirliyində Beynəlxalq Avrasiya Mətbuat Fondu və səfirlik arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimində deyib.
Səfir bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirir. O əlavə edib ki, Yaponiya hökuməti də bu işlərə öz dəstəyini vermək istəyir.
“Bu layihə Tərtərin minalardan təmizlənməsinə töhfə verəcək. Biz bu prosesdə Azərbaycana dəstək verməyə davam edəcəyik. İnanırıq ki, bu cür layihələr Azərbaycanla Yaponiya arasında əlaqələrin daha da dərinləşməsinə imkan verəcək”, - diplomat vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev bildirib ki, Yaponiya humanitar sahədə hər zaman Azərbaycana dəstək verib.
Daha sonra müvafiq layihə üzrə qrant müqaviləsi imzalanıb.
Bu layihənin əsas məqsədi Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina dedektoru, 11ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək.
Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 278 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dolları (təxminən 39,860,000 AZN) keçir. (Apa)