Xəbər verilidiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüb, yeni qurulan şəhərlə tanış olublar.
FED.az xəbər verir ki, Xocalıda olarkən dövlət başçısı və ailə üzvləri burada yeni fəaliyyətə başlayan biznes qurumları ilə tanış olublar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva Sənətkarlar məhəlləsinə gəldilər, əvvəlcə “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialında yaradılan şəraitlə tanış olublar.
Mərkəzin nümayəndəsi: Mərkəzimiz barədə məlumat verim. “AzeRobot Education” artıq üç ilə yaxındır fəaliyyət göstərir. Xocalıdakı doqquzuncu filialımızdır. Proqramlaşdırma, mühəndislik və robototexnika. Beş yaşında uşaqlardan tutmuş şagirdlərə və gənclərə IT sahəsini tədris edirik. On yeddi modulumuz var, yəni, süni intellekt, kibertəhlükəsizlik, proqramlaşma. Uşaqları, şagirdləri hazırlayıb həm yerli, həm də beynəlxalq yarışlara gedirik və Azərbaycanı təmsil edirik.
Prezident İlham Əliyev: Yəni, məktəbdən sonra uşaqlar buraya gəlib məşğul olacaqlar?
Mərkəzin nümayəndəsi: Bəli, məktəbdən sonra və Xocalıda da artıq bu fəaliyyət başlayıb. Səksənə yaxın müəllimimiz var. Müəllimlərimiz gənclərdir. Universiteti bitirən kimi, hər bölgədən gənclərimiz var və onlar, hər kəs əlbəttə ki, Qarabağa gəlmək istəyirdi. Xocalıdan da olan mentorlarımız var idi. İki ildir onları hazırlayırdıq, həsrətlə bu günü gözləyirdilər.
Prezident İlham Əliyev: Xankəndidə Qarabağ Universiteti də sentyabr ayından fəaliyyətə başlayır. Ora ilə də yəqin ki, əlaqəniz olacaq.
Mərkəzin nümayəndəsi: Bizim bütün universitetlərlə əlaqəmiz var. Mexatronika, kompüter, IT sahəsində tələbələr hazırlaşırlar. Onları – uşaqları, gəncləri öyrədirik ki, artıq silahla yox, bu dəfə özlərinin yığdığı pilotsuz uçuş aparatları ilə torpaqlarımızı qorusunlar.
Prezident İlham Əliyev: Bəli, əlbəttə. İnşallah.
x x x
Sonra “Nakhishli” atelyesi ilə tanışlıq oldu.
Prezident İlham Əliyev: Salam.
Atelyenin əməkdaşı: Həmişə Siz gələsiniz. Çox şadam. Bu gün o qədər şadam ki, mən Sizi Xocalıda qarşılayıram. Ən böyük arzularımdan birinə çatmışam.
Prezident İlham Əliyev: Həm də iş başında.
Atelyenin əməkdaşı: Bəli iş başında, ən sevdiyim iş başında. Buraya gəlmək üçün çox çətinliklərdən keçmişik.
Prezident İlham Əliyev: Allah işinizi avand eləsin.
Atelyenin əməkdaşı: Çox sağ olun. Çox şadam.
Mehriban xanım Əliyeva: Salam. Mən də çox şadam bu günü bir yerdə yaşayırıq. Sizi təbrik edirəm.
Atelyenin əməkdaşı: Sizi təbrik edirəm. Buralarda Sizin hamınızın əziyyəti var. Xocalıda şəhid olanların hamısının ruhu bu gün şaddır. Ona görə ki, bizim belə Prezidentimiz var, belə birinci xanımımız var. Mən həqiqətən çox şadam. Ulu Öndər Heydər Əliyevi həddən artıq çox sevirdim. İndi də Sizi çox sevirəm. Onun da ruhu şad olsun.
Prezident İlham Əliyev: Sağ olun.
Sonra birgə foto çəkdirildi.
x x x
Prezident İlham Əliyev: Sağ olun, Sizi təbrik edirik.
Atelyenin əməkdaşları: Çox sağ olun, gələn ayaqlarınız var olsun. Allah Sizi qorusun.
x x x
Dövlətimizin başçısı və birinci xanım “Gilabi Ceramic” emalatxanası ilə tanış oldular.
Prezident İlham Əliyev: Siz Bakıdan gəlmisiniz?
Emalatxananın əməkdaşı: Bakıdan gəlmişik. Düzdür, başlanğıc olaraq Bakıda başlamışıq.
Elçin Yusubov: Bölgələrimizdə də var.
Emalatxananın əməkdaşı: Laçında başlamışıq. Bu ailə Laçındandır.
Prezident İlham Əliyev: Laçından? Nə yaxşı.
Emalatxananın əməkdaşı: Laçına köç etmiş sakinlərdir. Yəni, Laçında artıq fəaliyyətə başlayıblar.
Prezident İlham Əliyev: Laçında işləyirlər?
Elçin Yusubov: Bəli, işləyirlər.
Qadın işçi: Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Emalatxananın əməkdaşı: Başlanğıc üçün Bakıdan işçi çağırmadıq.
Elçin Yusubov: Özümüzdə var, Qarabağımızda var.
Emalatxananın əməkdaşı: Daha yaxından.
Prezident İlham Əliyev: Laçın kimi gözəl mənzərəli yerdən gəlmisiniz, daha da gözəl yerə.
Mehriban xanım Əliyeva: Salam, xoş gördük.
Emalatxananın əməkdaşı: Salam, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Laçında işlər necə idi, yaxşı idi?
Emalatxananın əməkdaşı: Cənnəti daha da cənnət etmisiniz.
Prezident İlham Əliyev: Laçın onsuz da cənnətdir, mən demişəm, Azərbaycanın yəqin ki, ən gözəl rayonlarından biridir, özü də indi abadlıq işləri aparılandan sonra. Mən demişdim ki, biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq.
Emalatxananın əməkdaşları: Çox sağ olun. Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Sizi təbrik edirik. Sağ olun.
Mehriban xanım Əliyeva: Təbrik edirəm.
Emalatxananın əməkdaşları: Sağ olun.
X X X
Daha sonra “Sariban” peşə inkişaf mərkəzinin filialı tanışlıq oldu.
Mərkəzin əməkdaşı: Xocalımıza xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Salaməleyküm.
Mərkəzin əməkdaşı: Xoş gördük, cənab Prezident. Sizi görməyə çox şadıq.
Prezident İlham Əliyev: Siz hansı işlərlə məşğul olursunuz?
Mərkəzin əməkdaşı: Peşə inkişaf mərkəzi olaraq Xocalı sakinlərinə mədəniyyətimizlə bağlı sənət sahələrini öyrədəcəyik. Bundan əlavə, Xocalıda məskunlaşacaq sakinlərə müxtəlif peşələr öyrədəcəyik, master-klaslar keçiriləcək.
Prezident İlham Əliyev: Yəni, rəssamlıq, yoxsa?
Mərkəzin əməkdaşı: Rəssamlıq da daxildir, təbii-dekorativ sənət növləri də. Şamın hazırlanması, vitraj sənəti, yəni, buraya xalq yaradıcılığı da aiddir.
Prezident İlham Əliyev: Yəni, bura təlim mərkəzi olacaq?
Mərkəzin əməkdaşı: Təlim mərkəzi olacaq, eyni zamanda, mentorluq proqramı da düşünmüşük, Xocalı sakinləri öyrəndikdən sonra digərlərinə də öyrətsinlər.
Prezident İlham Əliyev: Çox yaxşı, sizi təbrik edirəm. Sağ olun.
Mehriban xanım Əliyeva: Sizi təbrik edirəm.
Mərkəzin əməkdaşı: Mehriban xanım, Sizi görməyə çox şad olduq. Sağ olun, bayramınız mübarək.