Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.
FED.az AAYDA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirilib.
Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.
Daha sonra Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olublar.
Qeyd edək ki, hər iki avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.