Ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.
Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var
FED.az xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Seçki məntəqəsinin sədri İmran Mirzəyev bildirib ki, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub və hazırda seçici fəallığı müşahidə olunur.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. (Azərtac)