Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin qayıdışına hazırlıq müzakirə edilib.
Qarabağ erməniləri ilə Xocalıdakı görüşlə bağlı - BƏYANAT
Dövlət Komitəsindən FED.az-a verilən xəbərə görə, sentyabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondorma qurumun isə bu il sentyabrın 19-20-də az müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb. Hazırda bölgədə Ermənistan silahlı qüvvələrinə və terrorçu dəstələrə məxsus silahların müsadirəsi prosesi aparılır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərin könüllü və təhlükəsiz şəkildə ölkəmizdən çıxmasına şərait yaradılır.
Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, məcburi köçkünlüklə üzləşən bütün həmvətənlərimiz kimi xankəndililər də daim dövlətimizin himayəsində olublar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımıza daim böyük diqqət və qayğı göstərib. Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas münasibətini hər zaman hiss edib, onun dəstək və köməyindən bəhrələniblər. Bu gün işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda dönürlər. Xankəndidən olan məcburi köçkünlərin də bu prosesə qoşulacağı gün uzaqda deyil.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərin qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə yenidən salınmış və bərpa olunmuş yaşayış məntəqələrinə köçürülmənin gedişi və qaydaları haqqında görüş iştirakçılarını məlumatlandırıb, azərbaycanlı əhalinin Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, dövlətimizin başçısının bununla bağlı tapşırıqlarını onlara çatdırıb.
Görüş iştirakçıları işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.