Antiterror əməliyyatı nəticəsində işğaldan azad edilmiş ərazilər, o cümlədən Xankəndi şəhərində biznesin inkişafı ilə bağlı sahibkarlıq subyektlərinə edilən müraciətlərə cavab olaraq ümumilikdə 107 hüquqi və fiziki şəxs müraciət edib.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, sözügedən ərazilərdə sahibkarlığın inkişafı üçün aparılan işlər üç şərti istiqamətə ayrılır:
“Birinci istiqamət gündəlik həyat üçün tələb edilən sahələrdə sahibkarlıq subyektlərinin yaradılmasıdır. Söhbət ticarət, ictimai iaşə, məişət xidməti, yanacaqdoldurma, nəqliyyat vasitələrinə texniki servisin göstərilməsi və digər sahələrdən gedir. Bu istiqamətdə artıq Xankəndidə iki yanacaqdoldurma məntəqəsi, iki market, bir mobil operator və bir çörək bişirmə sexi fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin edilib. Onlardan 5-i məcburi köçkündür. Fevralın sonuna kimi daha iki yanacaq doldurma məntəqəsi, bir mobil operatoru, bir market, bir yükdaşıma və evakuasiya xidməti, bir bərbər salonu və bir aptekin fəaliyyətinin bərpa edilməsi ilə 40-a yaxın yeni iş yerinin açılması təmin ediləcək”.
M. Eynullayev qeyd edib ki, ikinci istiqamət ərazidə olan tikinti materiallarının istehsalı və emalı müəssisələrinin fəaliyyətinin bərpa edilməsi yolu regionda aparılan tikinti-quruculuq və bərpa işlərinin sürətləndirilməsinə, xammal ilə təminatın yaxşılaşdırılması və işlərin maya dəyərinin aşağı salınmasına nail olmaqla dövlət büdcəsinə qənaət etmək məqsədini daşıyır:
“Hazırda iki beton istehsalı və üç daş-qranit sexləri üzrə operator seçilib. Onlarla müqavilələr bağlanılır. Martın sonuna qədər bu müəssisələrin fəaliyyətinin bərpası və 50-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Üçüncü istiqamət üzrə həmin ərazidə yerləşən kənd təsərrüfatı məhsullarının emalı və quşçuluq-heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa edilməsini nəzərdə tutulub. Hazırda iki heyvandarlıq təsərrüfatının bərpası istiqamətində operatorlar seçilib. Onların da hazırlıq işləri martın sonuna qədər yekunlaşacaq. İlkin mərhələdə 40-dan artıq yeni iş yerinin açılması planlaşdırılır”. (Report)