Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə "Son zəng" tədbiri keçirilib.
FED.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Məzun günündə həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən “Son zəng” tədbiri də qeyd olunub. Qürurverici gündə təşkil edilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.
"Son zəng” günü Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişir. Səbuhi Qəhrəmanov dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradıldığını da deyib.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Qeyd edək ki, bu il Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.