Ağdamdakı Xaçınçay su anbarı vasitəsi ilə 7 min hektar əkin sahəsinin suvarılması təmin ediləcək.
Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının təmir-bərpası ilə bağlı aparılan işlər - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Ağdam mexaniki suvarma idarəsinin müdiri Hafiz Əzimzadə deyib. Bildirib ki, 1964-cü ildə istismara verilən Xaçınçay su anbarı işğal dövründə dağıdılaraq istifadəyə yararsız hala salınıb: "Anbarın ümumi su tutumu 23 milyon kubmetrdir, su anbarı bəndinin hündürlüyü 44 metr, uzunluğu isə 940 metr təşkil edir. Su anbarı vasitəsi ilə 7 min hektar torpaq sahəsinin suvarılması işləri həyata keçiriləcək".
İdarə müdiri onu da bildirib ki, Xaçınçay su anbarının suyu, subartezian quyularnını suyu ilə müqaisədə daha keyfiyyətli və daha zəngindir: "Belə ki, subartezian quyularının suyunda nisbətən duzlaşma, şorlaşma mövcuddur. Ancaq dağ çaylarından gələn sularda minerallar var, bu da bitkilər üçün daha faydalı hesab olunur".
Qeyd edək ki, Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. (Apa)