Türkiyə Xarici İşlər Nazirliyi bu gün üçüncü dəfə elan edilən atəşkəsin Ermənistan tərəfindən pozulmasına mövqe bildirilib.
FED.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirinin sözçüsü Hami Aksoy deyib ki, Minsk qrupu həmsədrlərinin cəhdlərinin faydalı nəticə verməsi üçün yenə də Ermənistanın atəşkəsi pozmasına diqqət edilməlidir: “BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa uyğun atəşkəsin qalıcı olmasını hədəfləyən, müsbət nəticə verən prosesi başlatmalarını lazımlı bilirik. Elan edilən atəşkəsin ancaq bu halda davamlı olması mümkündür”.
Ermənistanın Azərbaycana hücumu ilə başlayan münaqişənin 10 və 18 oktyabr 2020-ci il tarixlərində elan olunan atəşkəslərlə dayandırılması prosesinin qısa zamanda pozulmasını xatırladan diplomat son olaraq 26 oktyabr 2020-ci il saat 08 radələrindən başlayaraq elan edilən atəşkəsin də dəqiqələr içində pozulmasına diqqət çəkib: “ABŞ-ın müdaxiləsi nəticəsində cənazələrin və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs elan edilsə də, təəssüf ki, bu proses də Ermənistan tərəfindən dəqiqələr içində pozulub. Ermənistanın həm cəbhə xəttində, həm Azərbaycan mövqelərində, həm də münaqişə bölgəsindən uzaq daxili bölgələrində mülki əhalini hədəf alan hücumları davam edib”. (Apa)