Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən FED.az-a bildirilib ki, bununla əlaqədar olaraq komitə sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış anlaşılıb və ictimai müzakirəyə səbəb olub. Halbuki, açıqlamada məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq əzmində olduğu vurğulanaraq, onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçim olduğu diqqətə çatdırılıb:
“Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də dövlət komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər.
Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib.
Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir".