İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlərin məşğulluğunun təminatı işləri davam edir.
Talış kəndinin 29 sakini işlə təmin edilib, 9 nəfər özünüməşğulluq proqramına cəlb olunub
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən Talış kənd sakinlərindən 7 nəfərinə bu gün mal və materiallar formasında aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar maldarlıq üzrə təsərrüfatlarını yaradıblar. Daha iki kənd sakini də yaxın günlərdə arıçılıq və qəssablıq fəaliyyət istiqamətləri üzrə aktivlərlə təmin ediləcək.
Media nümayəndələrinin həmin kənddə aktivlərlə təminat prosesi ilə tanışlığı üçün mediatur təşkil olunub.
Qeyd olunub ki, Talış kəndinə köçürülən ailələrin hər biri ilə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən görüşlər keçirilərək, təhlillər aparılmaqla, kənd sakinlərindən 44 nəfər Agentlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 29 nəfər qurumun dəstəyi ilə işlə təmin olunub. Daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər davam edir.
Kənddə özünüməşğulluq proqramına cəlb olunan sakinlər üçün ilk mərhələdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes təlimlər təşkil edilib.
Ərazidə fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır. Bu proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla proqram sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq.
Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub.