Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarları inşa olunur.
Azərbaycanda yeni su anbarı yaradılacaq - PREZİDENTDƏN SƏRƏNCAM
FED.az xəbər verir ki, bu barədə "Azərsu"dan bildirilib.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Layihəyə əsasən şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək. Bu mənbələrdən götürülən suların toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Artıq birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb və anbarın giriş-çıxış xətləri quraşdırılıb. Hazırda su anbarında izolyasiya işləri aparılır və yardımçı binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Layihəyə əsasən, Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri yaradılacaq. Eyni zamanda məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də planlaşdırılır. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.
Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Kiçik Kirs və Zarıslı mənbələrində, eləcə də magistral kəmərlərdə bərpa işləri aparılaraq 2020-ci ildə hər iki mənbədən şəhərə suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və 2,9 km uzunluğunda yeni təzyiqli kəmər inşa edilib və 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay su anbarı genişləndirilərək tutumu 7,5 milyon kubmetrə çatdırılacaq.