Şuşanı su ilə təmin etmək üçün yeni su anbarı tikiləcək.
Eləcə də bax: “Azərsu” Şuşada Zarıslı çayı üzərində su anbarı - YARADIR
FED.az xəbər verir ki, bu barədə Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclasında bildirilib.
Bildirilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.