Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Tədbiri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıb (Report).