Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Eləcə də bax: Prezidentdən Şuşa ilə bağlı - SƏRƏNCAM
FED.az bildirir ki, sənədə əsasən, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562) aşağıdakı dəyişikliklər edilir:
1. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:
“Maddə 3-1. Şuşa şəhərinin adından istifadə edilməsi
3-1.1. Bu Qanunun 3-1.2-ci maddəsində nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
3-1.2. Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
3-1.2.1. hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
3-1.2.2. mükafatların və təltiflərin adlarında;
3-1.2.3. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
3-1.2.4. kommersiya və reklam məqsədilə;
3-1.2.5. əmtəə nişanlarında və coğrafi göstəricilərdə.”.
2. 7.5-ci maddənin birinci cümləsindən “arxeoloji” sözü çıxarılsın.
***
Dövlət başçısı, həmçinin, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
- Müəyyən edilsin ki:
- “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 3-1.2-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 3-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
- həmin Qanunun 3-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.
- “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
- 1.1-ci bəndə “2.2-ci,” sözlərindən sonra “3-1.2-ci (hər iki halda),” sözləri əlavə edilsin;
- 1.2-ci bəndə “Qanunun” sözündən sonra “3-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;
- 1.4-cü bəndə “1.2-ci,” sözlərindən sonra “3-1.2-ci (ikinci halda),” sözləri əlavə edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Qeyd edək ki, Prezident İlham Əliyev, eyni zamanda, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunla əlaqədar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu da təsdiq edib.