İşğaldan azad olunan ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri görülür. Həmin ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin su ehtiyatlarından istər içməli, istərsə də kənd təsərrüfatı təyinatı üzrə istifadəsi üçün meliorasiya və su təsərrüfatı sahəsinə aid tədbirlərin həyata keçirilməsinə başlanılıb. O cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə də bu istiqamətdə işlər davam etdirilir.
Dövlət qurumu Zabuxçay su anbarı üçün 128 milyon manat xərcləyir - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov bildirib ki, Şərqi Zəngəzurda içməli və suvarma suyuna tələbatın təmin olunması üçün bir sıra işlər görülür. Belə ki, Həkəri çayı üzərində 90 milyon kubmetr su tutumu olacaq anbarın tikintisi planlaşdırılır. Həmin su anbarından 253 kilometr uzunluğunda magistral boru vasitəsilə su ötürüləcək. Boru saniyədə 8,5 kubmetr su ötürmə qabiliyyətinə malik olacaq.
Rafiq Aslanov deyib: “Konseptual layihə Prezidentə təqdim olunub. Texniki-iqtisadi əsaslandırma, layihələndirmə işləri üçün tender müsabiqəsinin qalibi ilə müqavilə bağlanılıb və işlərə start verilib. Həkəri çayı üzərində inşa olunacaq anbarda toplanacaq su bütünlüklə Azərbaycan ərazisindəki mənbələr hesabına formalaşır və çox keyfiyyətli, təmiz, içməli su hesab edilir. Həmin anbarda yığılacaq sudan işğaldan azad olunan rayonlardan əlavə, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, İmişli, Saatlı və Sabirabad rayonları da daxil olmaqla, 3 milyona yaxın əhali istifadə edəcək”.
Onun sözlərinə görə, Bərgüşad çayı üzərində, Qubadlının Bəxtiyarlı kəndi ərazisində 67 milyon kubmetr həcmi olacaq su anbarının tikintisi də planlaşdırılır. Bu anbardan 61 kilometr uzunluqda magistral boru çəkiləcək və 12 min hektar sahənin suvarılmasına xidmət göstərəcək. Eyni zamanda, Qız qalası baş qurğusunda tikilən, Cəbrayıl və Füzuli rayonları ərazisinə uzanacaq kanalın 50 kubmetr su ötürmə qabiliyyəti olacaq. Kanala əlavə olaraq Bəxtiyarlı su anbarından saniyədə 10 kubmetr su ötürüləcək.
Zabux çayı üzərində isə 26,7 milyon kubmetr su tutumu olacaq anbar tikiləcək. Həmin anbardan 51 kilometr uzunluqda magistral xətt ayrılacaq və Həkəri çayının sağ və sol sahilləri ərazisində, Qubadlı və Zəngilan rayonları üzrə 12,1 min hektar sahə müasir suvarma texnologiyasının tətbiqi ilə suvarılacaq. Sözügedən layihə iki mərhələyə bölünür: birinci mərhələyə 2023-cü ilin sonlarınadək boru xətlərinin çəkilməsi və 6300 hektar payızlıq sahənin su ilə təmin edilməsi, ikinci mərhələyə isə su anbarının 2024-cü ilin sonunda tikintisinin başa çatdırılması və 12100 hektar sahəyə suyun verilməsi daxildir. (Azərtac)